logo

Rusiya və Belarus idmançıları Qış Olimpiya Oyunlarına buraxılmadı

13:53 07-01-2024 | icon 3507
Rusiya və Belarus idmançıları Qış Olimpiya Oyunlarına buraxılmadı

Yanvarın 19-dan fevralın 1-dək Cənubi Koreyanın Kanvondo əyalətində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarında neytral idmançılar iştirak etməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi  Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Komitənin mətbuat xidmətinin əməkdaşı Rusiya və Belarusdan olan gənc idmançıların yarışlarda iştirakı ilə bağlı suala cavabında deyib: "Heç bir fərdi neytral idmançı 2024-cü il Yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirak etmək hüququna malik deyil".

Kanvondoda 81 dəst medal oynanılacaq. Oyunların proqramına xokkey, fiqurlu konkisürmə, xizəksürmə, biatlon, sürətli konkisürmə, körlinq, fristayl, dağ xizəksürmə, bobsley, skeleton, sanki yarışı, snoubord, tramplindən xizəklə tullanma, xizək ikinövlülüyü və şort–trek daxildir.

Qeyd edək ki,  ötən il martın 28-də BOK İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda yalnız neytral idmançı kimi, həm də Ukraynada xüsusi hərbi əməliyyatı dəstəklədiyini açıq şəkildə bildirməyən və silahlı qüvvələrlə və ya milli təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan idmançıların iştirakına icazə verilməsini tövsiyə edib.

Xatırladaq ki,yeniyetmələrin birinci Qış Olimpiya Oyunları 2012-ci ildə Avstriyanın İnsbruk şəhərində, ikincisi 2016-cı ildə Norveçin Lillehammer şəhərində, üçüncüsü isə 2020-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilib. Yeniyetmələrin Qış Olimpiya Oyunlarının ümumi nəticələrinə görə Rusiya yığması üç turnirdə 22 qızıl, 23 gümüş və 24 bürünc mükafat qazanaraq qeyri-rəsmi medal sıralamasında birinci yeri tutur. İkinci yerdə Cənubi Koreya komandası (21-9-5), üçüncü yerdə isə Almaniya komandası (20-21-16) qərarlaşıb.