logo

Azərbaycan millisi hələ də baş məşqçisiz qalıb

11:33 07-01-2024 | icon 1267
Azərbaycan millisi hələ də baş məşqçisiz qalıb

AFFA serbiyalı mütəxəssis Milan Obradoviçin Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

YeniAvropa xəbər verir ki, milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli KİV-ə açıqlamasında məlumatı təkzib edib.

O, hələlik heç bir çalışdırıcıya rəsmi təklif göndərilmədiyini bildirib: “M.Obradoviçlə yanaşı, bir çox məşqçinin adı yığma ilə bərabər hallanır. Ancaq heç biri ilə danışıqlar aparılmayıb. Baş məşqçinin müəyyənləşdirilməsi üçün yaradılan İşçi Qrupun iki iclası baş tutub. Həmin iclaslarda da hansısa mütəxəssisin adı səslənməyib. Sadəcə, baş məşqçinin qarşısına qoyulacaq məqsədlər, gənc, yoxsa daha təcrübəli mütəxəssisə üstünlük verilməsi ilə bağlı müzakirələr aparılıb”.

Qeyd edək ki, Milan Obradoviç 2019-2022-ci illərdə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib.

Xatırladaq ki,  Azərbaycan millisinə sonuncu dəfə  Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis ötən il noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.

Ötən ay yerli mediada yayılan xəbərlərdə Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəşin Azərbaycan millisini çalışdıracağı barədə xəbərlər yayılmışdı.Türkiyə mətbuatı hətta AFFA-nın 71 yaşlı mütəxəssislə danışıqlara başladığını da qeyd edirdi.