logo

Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından Avropa yalnız qazanar-Elçin Əmirbəyov

21:21 03-01-2024 | icon 3976
Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından Avropa yalnız qazanar-Elçin Əmirbəyov

Estoniyanın “Err.ee” saytı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun  "Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalasa, Avropa bundan yalnız qazanar”müsahibəsini dərc edib.

YeniAvropa xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra gündəlikdə duran vəzifələr barədə sualı belə  cavablandırıb: “Bu gün biz deyirik ki, bəli, ərazi bütövlüyümüz bərpa olunub, lakin, eyni zamanda, münaqişənin sona çatmasını rəsmiləşdirmək üçün sülh müqaviləsi bağlamaq vaxtı gəlib çatıb. Ola bilsin ki, bu, iki dövlətin dinc yanaşı yaşaması üçün lazımi şərait yaradacaq”.

Böyük Qayıdış Proqramı haqqında danışan E.Əmirbəyov qeyd edib ki, bununla bağlı keçirilmiş sorğuda keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıtmaq istədiklərini bildirib. Üstəlik, belə bir istəyi yalnız oradakı həyatlarını xatırlayanlar deyil, həm də gənc nəsil, yəni, o zaman etnik təmizləməyə məruz qalmış şəxslərin övladları və nəvələri ifadə ediblər.

“Üçtərəfli Bəyanatın imzalanmasından üç ildən çox vaxt keçib. Bu müddət ərzində doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib. 2026-cı ilin sonuna qədər təxminən 140 min nəfərin həmin torpaqlara köçürülməsi planlaşdırılır. Əlbəttə ki, proses bununla bitməyəcək, o davam edəcək”, - deyə səfir vurğulayıb.

Müsahibədə E.Əmirbəyov sülh prosesinin tərkib hissəsi olan kommunikasiyaların açılması məsələsinə də toxunub. “Danışıqların əsas xətti sülh sazişinin mətninin razılaşdırılmasıdır. Burada kommunikasiyaların bərpası da daxil olmaqla, gələcək sülhün bütün əsas parametrləri göstərilib. Əsas trekdən əlavə, daha iki istiqamət var - kommunikasiyaların açılması, həmçinin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, daha sonra isə demarkasiyası”, - deyə yazıda vurğulanıb.

Sülh sazişi üzrə danışıqlardan danışan xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib: “Ümid edirik ki, tezliklə danışıqların növbəti raundu keçiriləcək və Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistana təqdim edilmiş sülh sazişinin layihəsinin müzakirəsi bərpa olunacaq”.

Avropa İttifaqının Cənubi Qafqazdakı hazırkı vəziyyətdə, konkret olaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesində rolunu qiymətləndirən Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aİ ölkələrinə müraciət edərək onları ölkəmizin sülh prosesini və Ermənistanla sülh sazişinin razılaşdırılmasını ən qısa zamanda başa çatdırmaq istəyini dəstəkləməyə çağırıb. Qeyd edilib ki, bu, düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqazda tədricən normal həyatın başlamasına imkan verəcək. O, tərəfləri və bölgədə maraqlı olan tərəfləri bu perspektivə xələl gətirə biləcək hər cür hərəkət və ifadələrdən çəkinməyə çağırıb. “Düşünürəm ki, Ermənistan və Azərbaycan ən yaxın gələcəkdə sülh müqaviləsi imzalasa, Avropa bundan yalnız qazanar”, - deyə Elçin Əmirbəyov vurğulayıb.