logo

10 yaşdan yuxarı əhali qızılca əleyhinə peyvənd olunacaq

14:14 22-12-2023 | icon 9324
10 yaşdan yuxarı əhali qızılca əleyhinə peyvənd olunacaq

“Azərbaycana 10 yaşdan yuxarı əhalinin qızılca əleyhinə peyvənd olunması üçün vaksin gətirilib. Hazırda tibb müəssisələrinə paylanma dövründədir. Yaxın günlərdə 10 yaşdan yuxarı məktəblilər, o cümlədən yeniyetmələr və böyüklər öz ərazi poliklinikalarına müraciət edərək həkim baxışından keçiriləcək və tibbi əks-göstəriş yoxdursa, peyvəndə cəlb olunacaqlar”.

YeniAvropa xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

"Azərbaycanda qızılca, parotit, məxmərək əleyhinə olan üçvalentli vaksindən istifadə edilir. Uşaqlar bir vaksinlə üç infeksiyadan qorunmuş olur. Valideynlərə övladlarını qorumaq üçün bu peyvəndi etdirmək tövsiyə edilir.

Gələcəkdə qadınlar hamiləlik dövründə məxmərək keçirərsə, uşaqda müəyyən fəsadlar baş verir, əqli çatışmazlıq, görmə, eşitmə qabiliyyətində zəiflik yaranır. Əgər peyvənd olunarsa, üç infeksiyaya qarşı ömürlük immunitet yaranar və həmin dövrdə də onda heç bir qorxu yaranmaz. Parotit xəstəliyindən qorunmaq daha çox oğlan uşaqları üçün vacibdir ki, sonradan onlarda başqa bir fəsad baş verməsin. Burada bir doza kifayət etmir. Mütləq iki doza vurulmalıdır ki, ömürlük qorunma yaransın", - deyə A.Əliyeva qeyd edib.