logo

Lənkəranda qızılcadan ölən 2 yaşlı oğlanla bağlı TƏBİB-dən açıqlama

17:57 18-12-2023 | icon 8491
Lənkəranda qızılcadan ölən 2 yaşlı oğlanla bağlı TƏBİB-dən açıqlama

Lənkəranda qızılca xəstəliyindən 2 yaşlı oğlanın ölməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) açıqlama yayıb. 

YeniAvropa-ya TƏBİB-dən daxil olan məlumatda bildirilir ki, 2020-ci il təvəllüdlü uşaq(cinsi kişi) dekabrın 17-də saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib. Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Məlumata görə,  Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Təcili yardım ilk tibbi yardım göstərib və uşağın təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ailənin digər övladı - 2019-cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadə də hərarət yaranıb. Onun Bakı şəhərində xəstəxanalardan birinə göndəriləcəyi gözlənilir.