logo

Cüdo üzrə Bakı "Böyük Dəbilqəsi"nin vaxtı dəyişdirilib

14:34 18-12-2023 | icon 1337
Cüdo üzrə Bakı "Böyük Dəbilqəsi"nin vaxtı dəyişdirilib

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən 2024-cü il noyabrın 1-3-də Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqə turnirinin vaxtı dəyişdirilib.

Azərbaycan Cüdo Federasiyasından(ACF) YeniAvropa-ya verilən məlumata görə, “Dünya Cüdo Turu” seriyasına daxil olan nüfuzlu yarışın Milli Gimnastika Arenasında fevralın 16-18-də təşkil olunması qərara alınıb.

Dəyişikliyin səbəbini açıqlayan ACF-nin baş katibi Rəşad Rəsullu deyib: “Bu tarixlərdə daha öncə Təl-Əviv Böyük Dəbilqə yarışının keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından IJF bu turniri təxirə saldıqdan sonra biz gələn ilin noyabrında təşkili nəzərdə tutulan yarışın 16-18 fevral tarixlərinə keçirilməsini təklif etdik. Təklifimizə müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”.

Federasiya rəsmisinin sözlərinə görə, yarışın vaxtının dəyişdirilməsi burada toplanacaq xalların “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya reytinq xallarının toplanmasına imkan verəcək: “Turnir noyabr ayında olsaydı, Olimpiadadan sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu, Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.