logo

Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib

16:26 08-12-2023 | icon 1785
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclası keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutan iclasda nümayəndə heyətlərinin başçıları MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər.

Sonra baş tutan geniş tərkibdə görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilədək nəzərdə tutulmuş fəaliyyət planı, MDB ölkələrinin energetika sahəsində əməkdaşlıq planı, qarşılıqlı ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılması və inkişafı, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar.

MDB-də sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib.

Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib ki, iclasda Rusiya MDB-də sədrliyinin əsas müddəalarını təqdim edib. O vurğulayıb ki, Rusiya sədrliyi dövründə energetika sahəsində təhlükəsizlik və qida təhlükəsizliyi sahələrinə üstünlük verəcək, nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, ölkələrimizin məhsullarının qlobal Cənuba çıxması üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafına önə çəkiləcək.

“MDB mədəni-humanitar sahənin inkişafı, ölkələrimiz və xalqlarımız arasında elm, incəsənət, təhsil sahələrində əməkdaşlığın inkişafı üçün ciddi platformadır. Biz tələbə-müəllim mübadiləsinin genişləndirilməsinə də dəstək olacağıq”, - deyə o bildirib.

MDB İqtisadi Şurasının növbəti iclasının martın 29-da keçirilməsi qərara alınıb.