logo

Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçirilir

11:55 07-12-2023 | icon 3808
Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dekabrın 7-də Bakıda "Park İnn" hotelində Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası öz işinə başlayıb. 

YeniAvropa xəbər verir ki, iclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri, bu barədə energetika naziri Pərviz Şahbazov iki ölkə arasında iqtisadi əlaqələrdən danışıb. Qeyd edib ki, Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard dollar təşkil edib. 2023-cü ilin ilk 10 ayında bu göstərici 734 milyon dollara çatıb.

Nazir daha sonra deyib ki, bu rəqəmlər bizim real potensialımızı demək olar ki, əks etdirmir və ticarət dövriyyəsinin həcmini artırmaq üçün geniş imkanlar var. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki investisiya mühiti daim və davamlı şəkildə yaxşılaşır və xarici investorların marağına səbəb olur.

P.Şahbazov bildirib ki, Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 662 Britaniya şirkəti fəaliyyət göstərir: “Bu sahədə təkmilləşdirmə üçün geniş imkanlar var və bununla bağlı Ələt Azad İqtisadi Zonasının təklif etdiyi imkanları xüsusi qeyd etmək istərdim”.

Nazir deyib ki, Böyük Britaniya ilə əməkdaşlığımızın prioritet sahələrindən biri olan enerji sektorunda uzunmüddətli və səmərəli əməkdaşlığımız qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan BP-nin Azərbaycandakı fəaliyyəti böyük uğur hekayəsidir.

“Ənənəvi enerji ilə yanaşı, biz bərpa olunan enerji sahəsində də əlaqələrimizi genişləndiririk. Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında “Təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ildə imzalanmış Anlaşma Memorandum”u bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Memorandumun şərtlərinin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb, digər sahələrlə yanaşı, enerji səmərəliliyi və bərpa olunan enerji, o cümlədən dəniz küləyi və hidrogen sahələrində məlumat və təcrübə mübadiləsi məqsədilə mütəmadi olaraq seminarlar və vebinarlar təşkil edilir”, - deyə nazir sözlərinə əlavə edib.

Pərviz Şahbazov bildirib ki, hazırda Böyük Britaniya şirkətlərinin 4 layihədə iştirak etdiyi işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin və miqyasının genişlənməsinə əlverişli şərait yaradır: “Biz Böyük Britaniyanın bu ərazilərdə minaların təmizlənməsi ilə bağlı dəyərli töhfələrini xüsusilə yüksək qiymətləndiririk. Böyük Britaniyanın itkin düşmüş şəxslərin müəyyən edilməsi sahəsində böyük təcrübəsini nəzərə alaraq, biz bu sahədə də əməkdaşlığın qurulmasını alqışlayırıq”.