logo

Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub

16:47 02-12-2023 | icon 2002
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi olub.

YeniAvropa xəbər verir ki, Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksəkrütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak etdiyi tədbirdə əvvəlcə hərbçilərin paradı təşkil olunub.

Mərasimdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede yarışda 18 ölkə arasında dostluğun nümayiş olunduğunu bildirib. Onun sözlərinə görə, bütün idmançılar qələbə əzmi göstərdilər və son ana kimi mübarizə apardılar.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov Azərbaycanın bu vaxta kimi bir çox nüfuzlu yarışa ev sahibliyi etdiyini xatırladıb. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. A. Xəlilov Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, eləcə də media nümayəndələrinə təşəkkürünü bildirib, uğur qazanan idmançıları isə təbrik edib.

Ardınca Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, və "Sərhədçi" İdman Mərkəzinin rəisi, təşkilat komitəsinin nümayəndəsi polkovnik Elşən Mirzəyev Beynəlxalq Hərbi İdman Şurası tərəfindən ordenlə təltif olunublar. Beynəlxalq hakimlərə isə sertifikat və diplomlar təqdim edilib.

Təltifetmədən sonra Azərbaycanda güləş sahəsində qazanılan uğurları əks etdirən videoçarx nümayiş olunub. Bununla da dünya çempionatı rəsmən başa çatıb.

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.