logo

Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək

22:12 28-11-2023 | icon 4473
Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək

Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə görüşüb, bu ali təhsil ocağındakı Heydər Əliyev adına auditoriya ilə tanış olub.

YeniAvropa xəbər verir ki, Azərbaycan nümayəndə heyəti həmin gün, həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze ilə görüşüb.

Görüşdə Azərbaycanın və Gürcüstanın universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması, elmi simpozium və konfransların təşkili və sair məsələlər diqqət mərkəzində olub.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycanın elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi departamentinin rəhbəri Elçin Məmmədov daxildirlər.

Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları iştirak ediblər.