Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu gələn il qardaş ölkədə keçiriləcək
Özbəkistanın QHT-lərindən ibarət geniş nümayəndə heyəti bir neçə gündür Azərbaycanda səfərdədir. Biz əlaqələrimizi genişləndirmək niyyətindəyik. Gələn il ölkəmizdə Özbəkistan və Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev səsləndirib.
Səfər çərçivəsində sıx təmaslardan, faydalı görüşlərdən məmnun qaldığını diqqətə çatdıran Özbəkistan nümayəndə heyətinin rəhbəri deyib: “Biz əməkdaşlıq istiqamətində qarşımızda duran hədəfləri müəyyənləşdirdik. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız vətəndaş cəmiyyəti sahəsinə də öz töhfəsini verəcək”.
Qonaq Özbəkistanın Tacikistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrlə də bu sahədə əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Amma bu formatda ilk forum məhz Azərbaycanla birgə təşkil olunub.
“Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlıq forumundan sonra əməkdaşlıq haqqında memorandum imzaladıq. Əsas odur ki, biz güclərimizi daha da birləşdirək və sosial xarakterli məsələlərin həllində təcrübə mübadiləsi aparaq. Hər iki ölkənin QHT-lərinin bu prosesə öz töhfələrini verəcəklərinə inanırıq”, - deyə o əlavə edib.