logo

Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva

19:39 28-11-2023 | icon 630
Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva

Türkdilli dövlətlərin QHT-lərinin birgə əməkdaşlığı çox önəmlidir. Çünki türkdilli ölkələri bir-birinə yaxınlaşdıran yalnız tarixi bağlılıq və siyasi dialoq deyil. Bu, həm də hər iki ölkənin xalqlarının bir-birinə olan sevgisindən, isti münasibətindən irəli gəlir. Bu xüsusda Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləməsi vacibdir.

YeniAvropa xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə müsahibəsində söyləyib.

İcraçı direktor bildirib ki, bundan əvvəl Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq forumu keçirilmişdi. İndi eyni formatda tədbir Özbəkistan QHT-ləri ilə təşkil olundu. Noyabrın 27-də Füzulidə keçirilən Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunun davamı olaraq tərəflər arasında anlaşma memorandumu imzalandı.

“Memorandumun imzalanmasında məqsəd hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında sıx əlaqələrin qurulması, onların birgə layihələrin icrasına cəlb olunması, ortaq simpoziumların, tədbirlərin keçirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin aparılması, Azərbaycan və Özbəkistan QHT-lərinin qarşılıqlı səfərlərinin təşkil edilməsidir. Azərbaycanda keçirilən analoji forumun gələn ilin sentyabr-oktyabr aylarında Özbəkistanda təşkili ilə bağlı artıq müzakirələr aparılıb və ilkin razılıq əldə edilib”, - deyə Aygün Əliyeva diqqətə çatdırıb.