logo

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir

11:44 24-11-2023 | icon 1302
Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki,  “Hilton” hotelində təşkil olunan tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un Ədalətli Oyunlar komissiyasının sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mariana Vasileva bildirib ki, prezident İlham Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir: "İdmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər bizi sevindirir. Elə bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır".

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanın son illər bir çox idman tədbirinə ev sahibliyi etdiyini söyləyib: "Sevindirici haldır ki, ölkəmizdə artıq üçüncü dəfədir Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir".

MOK-un baş katibi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun ədalətli oyun prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu feyr-pley mükafatı olan “Cin Borotra - Karyera” diplomuna layiq görülməsindən də söz açıb: “Qurban Qurbanov oyunlar zamanı daim ədalət prinsiplərinə əməl edir. Məhz bu səbəbdən o, dəfələrlə müxtəlif feyr-pley mükafatlarına layiq görülüb”.

Daha sonra Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu Azər Əliyevə xüsusi hədiyyə təqdim edib.

F.Huzyu bildirib ki, konqres idmanda irqçiliklə mübarizədə Avropa komissiyası ilə birgə səylər göstərir: "Hamı bilir ki, təmsil etdiyimiz qurumun gənclər qarşısında xüsusi vəzifəsi var. Sözsüz ki, idmanda irqçiliyə yer yoxdur. FIFA prezidenti də söyləmişdi ki, irqçilik varsa, futbol yoxdur. Bu barədə səlahiyyətli şəxslər də məsuliyyət daşımalıdırlar. Hamıya aydındır ki, irqçilik idmanın bütün sahələrində var. Amma inanırıq ki, idman ədalətə və bərabərliyə mühüm töhfədir. İdmanın müsbət tərəflərini təbliğ etməli və mənfi hallarla bağlı vacib tədbirlər görülməlidir. Biz hər birimiz çalışacağıq ki, dəyərləri qoruyaq və irqçiliklə mübarizə aparaq".

Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer idmanda bərabərlik prinsipinin təmin olunması təkcə idmançıların yox, sosial təşkilatların da üzərinə düşən məsuliyyətdir: "Biz son zamanlar idmanda tendensiyaların şahidi oluruq. Son zamanlar idmanı siyasətlə qarışdırırlar. Amma bu, doğru deyil və biz bunun üçün müxtəlif qurumlarla birlikdə mübarizə aparırıq. Buna baxmayaraq, hələ də eyni problemlərlə rastlaşırıq".

Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin sədri Tyerri Zintz isə üçüncü dəfə bu konqresə ev sahibliyi edən Azərbaycana təşəkkür edib: "Azərbaycan da irqçiliklə mübarizədə öz töhfəsini əsirgəmir. İnanıram ki, bugünkü tədbir kifayət qədər məhsuldar olacaq".

MOK-un Ədalətli Oyunlar Komissiyanın sədri Xəzər İsayev isə bütün qonaqları salamlayaraq, onları Bakıda görməkdən məmnun olduğunu bildirib: "Əvvəlki illərdə ölkəmizdə bu formatda bir neçə tədbir keçirilib. Bu, dövlət başçımız İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir. İdmanda irqçiliklə mübarizədə Azərbaycan da öz töhfəsini verir və bununla mübarizə aparır. Bu baxımdan ölkəmiz bu mövzuda təşkil olunan beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir”.

Konqresdə, həmçinin Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvləri Bayba Veisa (Latviya), Biserka Vrbek (Slovakiya), Yannis Psilopulos (Yunanıstan), Katarina Rakzova (Çexiya), Bilge Donuk (Türkiyə), Hanna Vavrovska (Polşa) və Robert Perk (Xorvatiya) iştirak ediblər.

Açılış mərasiminin sonunda Ulu Öndər Heydər Əliyevin idmanla bağlı xatirələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, konqres Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.