logo

Bakıda Braziliya kinofestivalı keçiriləcək

15:30 27-10-2023 | icon 7091
Bakıda Braziliya kinofestivalı keçiriləcək

Oktyabrın 30-dan noyabrın 3-dək “Dəniz Mall” ticarət mərkəzində yerləşən “Cınema Plus” kinoteatrında Braziliya kinematoqrafı nümunələrini təqdim edən ikinci festival keçiriləcək. Təşkilatçıların sözlərinə görə, bu tədbir “Braziliya kinofestivalı” tədbirinin yeni təqdimatıdır.

AZƏRTAC xəbər verir ki, festival “Linhas Produções Culturais” şirkəti, Braziliyanın Azərbaycandakı səfirliyi və Cınema Plus” kinoteatrlar şəbəkəsinin əməkdaşlığı ilə baş tutacaq. Bu il müxtəlif janrlarda lentə alınmış 5 müasir ekran əsəri nümayiş etdiriləcək. Seans hər gün saat 19:00-da başlayacaq.

Kinofestivalın proqramı “Eduardo və Monika” romantik filmi ilə açılacaq. Bu ekran əsəri bazar ertəsi günü ekrana çıxacaq. Çərşənbə axşamı günü kinosevərlər Xose Eduardo Belmontenin “Həqiqət” fantastik dramına baxacaqlar. Çərşənbə günü Roberto de Oliveyranın “Alisa və Tom - bu sadəcə sənin başına gəlməliydi” adlı sənədli filminin nümayişi olacaq. Cümə axşamı isə tamaşaçılar Deniz Saraseni və Allan Fitermanın Piksiqvinya kimi tanınan Braziliyanın XX əsr görkəmli rəssamı Alfredo da Roxa Cianna Filyonun həyat və yaradıcılığından bəhs edən “Pxinguinha- qayğıkeş insan” filminə baxa biləcəklər. Kinofestivalın son günü – noyabrın 3-də olacaq son seans zamanı tamaşaçılara ssenarisi real həyatdan ilhamlanaraq yazılmış bir neçə beynəlxalq mükafatların laureatı Renato Barbyerinin “Təmizlik” dramı təqdim ediləcək.

Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro üçün kinofestivalın iki il ardıcıl keçirilməsi qeyd-şərtsiz olaraq Braziliya kinematoqrafının uğurunun və Azərbaycan tamaşaçılarının bu mədəniyyətə böyük marağının əlamətidir.

Səfir bununla bağlı deyib: “Biz hesab edirik ki, kino sənəti ən müxtəlif insanlar üçün ölkənin mədəniyyəti ilə tanış olmağın ən yaxşı üsullarından biridir. Ötən il azərbaycanlı tamaşaçıların böyük marağının şahidi olduq, belə ki, birinci kinofestival zamanı kinoteatrların zalları tamaşaçı ilə dolu idi. Biz ən müxtəlif janrlar vasitəsilə hər kəsə mədəniyyətimizin mahiyyəti barədə daha çox məlumat çatdırmaq istəyirik”.

“Linhas Produções Culturais” şirkətinin direktoru Fernanda Bulxoynsun sözlərinə görə, kinofestivalın əsas məqsədlərindən biri təkcə yeni filmləri göstərmək deyil, həm də tamaşaçılara film istehsalının keyfiyyəti və rəngarəngliyini ehtiva edən emosiyaların və janrların sintezini təqdim etməkdir.

Direktor qeyd edib: “Bu il tamaşaçılar real hadisələrə əsaslanan mühüm və təsirli tarixçələrlə rastlaşacaq, həmçinin musiqimizin və təsviri incəsənətimizin böyük xadimləri - Rom Jobim, Slis Rejina və Piksinqvinya ilə tanış olacaqlar. Braziliya kinosunu və mədəniyyətini sevənləri böyü sürprizlər və müxtəlif emosiyalar gözləyir”.