logo

Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur-Elçin Əmirbəyov

17:59 12-10-2023 | icon 26838
Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur-Elçin Əmirbəyov

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibə verib.

O, müsahibəsində son vaxtlar Fransanın Azərbaycanla bağlı mövqeyi, Ermənistanla Azərbaycan arasında başlamalı olan sülh danışıqları, regiondakı vəziyyət, həmçinin cinayətkar xunta rejiminin Azərbaycan tərəfindən saxlanılan üzvləri ilə bağlı radionun suallarını cavablandırıb.

YeniAvropa həmin müsahibəni təqdim edir.

- Azərbaycan tərəfindən Fransaya qarşı çox ağır sözlər səsləndirilib. Fransanı nədə günahlandırırsınız?

- 1997-ci ildən bəri Fransa Minsk qrupunun üç həmsədrindən biri (redaktorun qeydi: münaqişənin siyasi həllinə cavabdehdir) kimi vasitəçilik rolunu oynayıb. Fransa həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət saxlamağa çalışıb - əvvəlcə Prezident Jak Şirakla, sonra prezidentlər Nikola Sarkozi və Fransua Ollandla. Lakin əfsuslar olsun ki, son illərdə biz bu balansın pozulduğunu gördük. Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma, eyni zamanda, biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamlar eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində, bizi “cinayətdə” ittiham edirlər.

Hər şeydən əvvəl, bu, bəyanatlardan kənara çıxan amillərdir. Belə bir qərar var ki, Azərbaycana qarşı olan Ermənistana müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin. Ona görə də hazırda Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenicə son qoymuşuq. (redaktorun qeydi: Bu ərazidəki qondarma “respublika” heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi baxımdan Azərbaycana məxsus olub). Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz üzərimizə düşən işi görməyə tam hazırıq. Həmçinin deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şarl Mişel Avropa İttifaqı Şurasının Prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün məhz bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır.

- Bu sülh hansı formada ola bilər? Həm İrəvanda, həm də ondan kənar dairələrdə narahatlıqlar var. Yəni, insanların beynində Ermənistanın cənubunda, Zəngəzur dəhlizi ətrafında, həmin Sünik bölgəsində mümkün münaqişə riski haqqında çox düşüncələr var...

-Sülh müqaviləsində biz ölkələrimizin hər birinin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyimizi bir daha təsdiq edəcəyik. Biz demək olar ki, 30 ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Azərbaycanın öz ərazisinə qarşı müharibə edəcəyi ilə bağlı Ermənistanın iddiaları isə tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycan da, həmçinin uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib.

-Bizə açıq şəkildə deyirsiniz ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq?

-Hər halda, Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur. Təbii ki, Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağında olsun. Hesab edirəm ki, bizə, sadəcə olaraq, danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda, bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamaq lazım deyil.

-Siz diplomatik müharibədən danışırsınız?

-Bəli, Ermənistan sülhdən danışarkən öz diplomatik korpusunu müxtəlif təsisatlarda, o cümlədən BMT-də azərbaycanlıları ittiham etmək üçün istifadə edir. Fransanın Ermənistana dəstəyi sayəsində bu ölkə dəfələrlə Təhlükəsizlik Şurasına müraciət edib. Amma Ermənistan həm də yeni, tamamilə anti-Azərbaycan və qərəzli qətnamələr qəbul edən Avropa Şurasını, Avropa Parlamentini təşvişdə saxlayır. Bu, diaspor vasitəsilə Azərbaycanı sistemli olaraq nüfuzdan salmaq kampaniyasıdır. Bu, ermənilərin həll yollarını tapmaq üçün real səmimiyyətinin olmadığını göstərir. Cənab Paşinyan həmkarları ilə görüşəndə deyir ki, Azərbaycan Ermənistana hücum etmək istəyir. Amma bunlar iddiadır. Bunun heç bir sübutu yoxdur. Mən onun niyə belə dediyini bilmirəm. Bu ittihamların heç bir əsası yoxdur. Hesab edirəm ki, Ermənistanın müharibədən qaçmasının ən yaxşı yolu real danışıqlara başlamaqdır.

- Dağlıq Qarabağda demək olar heç bir erməninin qalmadığına və yaxud çox az sayda erməninin qaldığına görə etnik təmizləmə ittihamlarına nə cavab verərdiniz?

-Bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək vicdanən doğru deyil. Bu, çox ciddi ittihamdır. Bu, o deməkdir ki, hökumət əhalinin bir hissəsini etnik və ya dini mənsubiyyətinə görə öz ərazisini tərk etməyə məcbur etmək istəyir. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan sentyabrın 19-da başladığı antiterror tədbirləri ilə yalnız qanuni hərbi hədəfləri hədəfə alıb. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik və dərhal yerli mülki əhaliyə onların hədəfə alınmadığını bildirdik. Onlara dedik ki, narahat olmayın, evdə qalın. Biz heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu mən demirəm. Oktyabrın 1-də həmin əraziyə həm də BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar sülhməramlı qüvvələrin kontingenti olan Rusiya hərbçilərinin nümayəndələri ilə də danışıblar. Bu, mülki şəxslərin hədəf alınmadığının sübutudur. İyirmi üç saat davam edən bu tədbirlər başa çatan kimi biz oradakı əhaliyə, o cümlədən Bakıdan külli miqdarda humanitar yardımın çatdırılmasına təşəbbüs göstərdik. Qida, dərman... nə lazımdırsa. Elektrik enerjisini bərpa etdik, qaz xətlərini çəkməyə başladıq. Biz onları bu ərazini tərk etmək qərarına yenidən baxmağa çağırdıq. Biz onlara dedik: “Bu, sizin şəxsi seçiminizdir. Azərbaycanı tərk etməyinizi istəmirik. Amma bunu etsəniz, bilin ki, sizin geri qayıtmaq hüququnuz var”. Bunu necə etnik təmizləmə adlandıra bilərəm?!

- Amma hələ də doqquz aylıq blokada var idi ki, Azərbaycan hərəkəti qadağan etdiyi üçün oraya ərzaq, dərman və yanacaq keçmirdi.

- Biz tam blokadadan danışa bilmərik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiya işlərini yerinə yetirmək, əhaliyə lazımi dərman preparatları gətirmək azadlığı var idi. Yolun niyə qismən bağlandığına baxsaq, bunun səbəbi atəşkəs imzalanandan sonrakı iki il yarım ərzində Ermənistanın öz ərazisindən Qarabağa hərbi heyət, minalarla yanaşı, bütün növ silahlar da gətirmək üçün istifadə etməsi olub. Bütün bunlara son qoymaq üçün keçid məntəqəsini qurmalı olduq.

-Geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz yaşayacaqlarına əmin ola bilmələri üçün hansı təminatlar və ya şərtlər olacaq?

-Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra biz Azərbaycanın mərkəzi hakimiyyəti ilə oradakı erməni icmasının nümayəndələri arasında dialoqa başladıq. On gün ərzində üç görüş keçirdik. Həyatlarının müxtəlif sahələrində, o cümlədən hər cür sosial, iqtisadi, siyasi, humanitar, dil və dini hüquqlarla bağlı onların gələcəyinə dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla birgə və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, bu çaxnaşma və stress mühitində ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Ona görə bəlkə də bir az gözləmək lazımdır ki, bu insanlar Azərbaycanı tərk etmək qərarına yenidən baxsınlar. Onlar geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik.

-Sanksiyalardan qorxursunuz?

-Fransanın bir müddət əvvəl irəli sürdüyü bu ideyanın Avropa İttifaqı ölkələrinin əksəriyyətinin dəstəyini alıb-almadığını bilmirəm. Bu sanksiyalar tam olaraq nəyə cavab olacaq? Azərbaycanın onilliklər boyu davam edən strateji səbrindən sonra beynəlxalq ictimaiyyət, o cümlədən Fransa tərəfindən ona məxsusluğu tanınan suveren ərazisi üzərində öz nəzarətini bərpa etmək istəyi? Hesab etmirəm ki, hüququ bərpa edən ölkəni cəzalandırmaq və ya cəzalandırmağa cəhd etmək lazımdır. Ərazimiz hücuma məruz qalıb və nəinki hücuma məruz qalıb, o, işğal edilib və etnik təmizləməyə məruz qalıb. Bu gün hamı etnik təmizləmədən danışır, amma heç kim Ermənistanın 1990-cı illərin əvvəllərində, ovaxtkı 7 milyonluq əhalinin təxminən 1 milyonunun ya köçkün, ya da qaçqın vəziyyətinə düşdüyü zaman real etnik təmizləmə aparmasından danışmır. Heç kim - nə Fransa, nə də avropalılar Ermənistana qarşı sanksiyalar tətbiq etmək istəyini dilə gətirməyib və heç vaxt onu qınamayıb. Söhbət ikili standartlardan gedir.

-Sülh danışıqlarında Dağlıq Qarabağın həbsdə olan liderlərinin taleyi müzakirə olunacaqmı?

-Əvvəlcə onu vurğulamalıyıq ki, silahlarını təhvil verən separatçılara amnistiya elan etmişik. Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsdən gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır.

-Ruben Vardanyan üçün də belədir?

-Bəli, o, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib.

Bu gün istintaq təcridxanasında olan insanlar bu münaqişənin ən böyük qırğınlarına görə məsuliyyət daşıyırlar. Bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşmən hesab etdiyiniz etnik qrupa mənsub olduğu üçün bir əhalini hədəf seçsəniz, bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz sui-istifadə faktlarıdır.