logo

ABŞ generalları Ermənistana gəlib

13:13 15-09-2023 | icon 3262
ABŞ generalları Ermənistana gəlib

ABŞ ordusunun 10-cu dağ diviziyasının komandanı general-mayor Qreqori Anderson və Birləşmiş Ştatların Avropa və Afrikadakı quru qoşunları qərargahnın rəisi müavini general Patrik Elis müştərək “Eagle Partner 2023” təlimlərində iştirak etmək üçün Ermənistana gəlib.

YeniAvropa Ermənistan mediasına istinadla xəbər verir ki, generallar ABŞ səfiri ilə birgə “Zar” təlim mərkəzində hərbi təlimləri izləyib. General Qreqori Andersonun sözlərinə görə, Birləşmiş Ştatlar əsasən kütləvi qırğın silahlarının yayılmaması və sülhməramlı fəaliyyət istiqamətində Ermənistan silahlı qüvvələrinə mütəmadi dəstək göstərir.

Sentyabrın 11-dən 20-dək Ermənistanda keçirilən “Eagle Partner 2023” təlimlərində 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İyirmilər qrupu”nun Dehli şəhərində keçirilən sammitinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Moskvanın Ermənistan rəhbərliyinin Birləşmiş Ştatlarla hərbi təlimlər keçirmək qərarından təəssüfləndiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov isə “Eagle Partner 2023” təlimlərinin regionda sabitliyə töhfə vermədiyini vurğulayıb.