logo

Prezident İlham Əliyev AYİB-in birinci vitse-prezidentini qəbul edib

15:55 07-09-2023 | icon 1820
Prezident İlham Əliyev AYİB-in birinci vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı bu ilin yanvarında Davosda prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü məmnunluqla xatırlanıb.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı, Bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.