logo

Bakıda “Black and Caspian Freight” forumu keçiriləcək

13:13 05-09-2023 | icon 31906
Bakıda “Black and Caspian Freight” forumu keçiriləcək

Bakıda "Azerbaijan Maritime Engineering and Construction” MMC-nin təşkilatçılığı ilə “Black and Caspian Freight” forumu keçiriləcək. 

YeniAvropa xəbər verir ki, iki gün davam edəcək forumda Qara dəniz və Xəzər dənizi hövzələrində tranzit daşımalarının səmərəli təşkili və s. məsələlər müzakirə olunacaq. 

Qeyd edək ki, "Azerbaijan Maritime Engineering and Construction” (AMEC) MMC  2014-cü ildə təsis edilib.Şirkət dəniz, gəmiçilik, neft-qaz və bərpa olunan enerji sektorlar sahəsində bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə olunması, layihələr üçün tələb olunan gəmilərin icarəsi, su altının qazaraq dərinləşdirməsi, neft və qaz boru xətlərinin çəkilməsi, sərnişin, yük terminallarının dizaynının verilməsi və tikilməsi, gəmilər üçün körpülərin, dayanacaq yerlərinin tikilməsi və s. xidmətləri göstərən beynəlxalq standartlara uyğun müəssisədir.

Şirkətin direktoru Rəşad Şəkərov “Black and Caspian Freight” forumu ilə bağlı AZƏRTAC-a danışıb:

- Rəşad bəy, bildiyimizə görə, sentyabrın 20-21-də Bakıda “Black and Caspian Freight” forumu keçiriləcək. “Azerbaijan Maritime, Engineering and Construction” şirkəti həmin forumun baş partnyorudur. Bu barədə məlumat verərdiniz.

- Bəli, nəzərinizə çatdırmaq istəyirəm ki, qeyd olunan forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində keçirilmişdi. Mən də bu forumda şirkətimiz adından iştirak etdim. Forumda Xəzər və Qara dəniz ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərinin və marşrutlarının, logistika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir Pəncərə” mexanizminin yaradılması və s. kimi mövzular müzakirə olundu. Artıq forumun gedişatında qərara aldım ki, növbəti il bu forumu mütləq Azərbaycanda təşkil edək. Çünki tarixən İpək Yolunun keçdiyi Azərbaycan ərazisi Avropa və Asiyanın ən ucqar ölkələrini birləşdirən, strateji iqtisadi-ticari dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müstəqilliyimizi bərpa etdikdən sonra qısa zaman ərzində Azərbaycanda nəqliyyat infrastrukturu daha da inkişaf etdirilərək dəniz, quru və dəmir yolu nəqliyyatına böyük investisiyalar yatırıldı. Bütün bunları nəzərə alaraq, Forumun təşkilatçılarına müraciət etdim və onlar böyük məmnuniyyətlə buna razı oldular. Ölkəyə qayıtdıqdan sonra Forumun Bakıda keçirilməsi və səmərəli olması üçün bütün komandamla çalışdıq. Nəticə etibarilə, bu ay “Four Season” otelində həmin Forum keçiriləcək.

- Sizcə, bu Forumun ölkəmizə nə kimi xeyri var?

- Məlumdur ki, indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təhdidlər yaranıb. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və demək olar ki, onların fəaliyyəti dayandırılıb. Belə bir şəraitdə beynəlxalq “şimal-cənub” və “şərq-qərb” nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyəti daha da yüksəlib. Respublikamızın cəlbediciliyini artıran mühüm amillərdən biri ölkəmizin tərəfdaş dövlətlərlə xoş niyyətə əsaslanan münasibətlər qurmasıdır. Bəllidir ki, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün beynəlxalq nəqliyyat, enerji, kommunikasiya xətləri digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün ilk növbədə qonşu və digər dövlətlərlə sıx dostluq münasibətlərinin olması çox vacibdir. Yəni, söhbət tranzit daşımalarından gedirsə, burada tərəfdaş ölkələrlə əməkdaşlıq, qarşılıqlı xoş münasibətlər önə çıxır. Azərbaycanın timsalında bu hal aydın şəkildə görünür. Coğrafi mövqe ilə yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət nəticəsində Azərbaycan, Ermənistan istisna olmaqla, bölgənin bütün dövlətləri ilə sıx dostluq münasibətləri yaradıb. Bu da ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən mühüm amillərdən biridir. Həmin münasibətlər sayəsində bir çox beynəlxalq layihələr gerçəkləşdirilib. Bu forumda da müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək, yerli şirkətlərlə tanışlıq olacaq, əlaqələr genişlənəcək, bir sıra beynəlxalq layihələr müzakirə ediləcək.

- Sizə işlərinizdə uğurlar arzulayırıq. Ümidvarıq ki, sentyabrın 20-21-də Bakıda keçiriləcək “Black and Caspian Freight” forumu çox uğurla təşkil ediləcək, ölkəmizə böyük mənfəəti olacaq.

- Təşəkkür edirəm, AMEC komandası ilə birgə Forumun uğurla keçirilməsinə çalışırıq. Ümumiyyətlə, həyata keçirilən bütün tədbirlər şübhəsiz ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevriləcəyini bir daha təsdiqləyir. Çünki Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.