logo

Bakıda VI Robot Olimpiadası keçiriləcək

12:58 30-08-2023 | icon 1589
Bakıda VI Robot Olimpiadası keçiriləcək

Sentyabrın 1-dən 3-dək Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçiriləcək.

YeniAvropa xəbər verir ki, olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar: “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”. Ümumilikdə, bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib. Olimpiadanın rəsmi açılış mərasimi sentyabrın 1-də baş tutacaq.

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar bu il noyabrın 7-dən 9-dək Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.