logo

ATİB Kipr Türk Ticarət Palatası  ilə əməkdaşlıq protokolu imzalayıv

15:24 14-08-2023 | icon 1813
ATİB Kipr Türk Ticarət Palatası  ilə əməkdaşlıq protokolu imzalayıv

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti və bir qrup üzvləri avqustun 8-11-də Şimali Kipr Türk Respublikasında (ŞKTR) işgüzar səfərdə olublar.

ATİB-dən YeniAvropa-ya bildirilib ki, səfər proqramında heyəti ŞKTR-nin Azərbaycandakı təmsilçisi xanım Ufuk Turğaner müşayiət edib.

Nümayəndə heyətini əvvəlcə ŞKTR-nin Prezidenti Ersin Tatar qəbul edib. Görüşdə Prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsinin vacibliyini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, ATİB İdarə heyətinin sədri Cemal Yanğın Ersin Tatarla görüşdə ATİB-ə üzv olan iş adamlarının Şimali Kiprdə yeni layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib. Görüşün sonunda nümayəndə heyətinin başçısı C.Yanğın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa haqqındakı kitabı Prezident Ersin Tatara hədiyyə edib.

Səfər çərçivəsində ATİB nümayəndə heyətinin Şimali Kipr Nazirlər Kabineti yanında Kipr Türk İnvestisiya və İnkişaf Agentliyinin direktoru Ebru Kaptan Sertoğlu, Kipr Türk Sənaye Palatasının sədri (KTSO) Əli Kamacıoğlu, xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazirin müavini, turizm, mədəniyyət, gənclər və ekologiya naziri Fikri Ataoğlu, iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu, kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuzla keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Kipr Türk Ticarət Palatasının sədri Turgay Deniz idarə heyətinin geniş tərkibli üzvləri ilə keçirilən görüşdə Azərbaycanla turizm, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. ATİB idarə heyətinin sədri Cemal Yanğın məlumat verib ki, 70 il sosialist iqtisadi sistemində olmasına baxmayaraq, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə davamlı islahatlar apararaq bazar iqtisadi sisteminə keçib və bu gün ölkənin dinamik sosial-iqtisadi inkişafı davam etdirilir.

Görüşün sonunda ATİB-lə Kipr Türk Ticarət Palatası arasında əməkdaşlıq protokolu imzalanıb.

Sonra ATİB nümayəndə heyəti Yaxın Doğu Universitetində olub, İnnovasiya Mərkəzi tərəfindən istehsal edilən “Günsel” avtomobilləri ilə tanış ediliblər. Universitetin prorektoru Murat Tuzinkan, yerli istehsal olan bu elektrik avtomobillərinin texniki göstəriciləri barədə ətraflı məlumat verərək bildirib ki, yaxın gələcəkdə satışa çıxarılacaq bu avtomobillərin qardaş türk respublikalarında da zavodlarının qurulması nəzərdən keçirilir.

ATİB nümayəndə heyəti, həmçinin Kipr türklərinin öndəri Fazil Küçükün və ŞKTR-nin qurucusu, ilk Prezidenti Rauf Denktaşın məzarlarını ziyarət edib, əziz xatirələrini anıb, məzarları üzərinə tər güllər düzüb.