logo

Şarl Mişel Rusiyanın taxıl sazişindən çıxmasından təəssüflənib

16:10 17-07-2023 | icon 2499
Şarl Mişel Rusiyanın taxıl sazişindən çıxmasından təəssüflənib

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel sosial şəbəkədə bildirib.

Rusiya Federasiyasının taxıl sazişindən çıxmasından təəssüfünü ifadə edən Şarl Mişel yazıb: “Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”.

O, BMT-nin Baş katibi Antonio Quterreşin sazişin uzadılması istiqamətində səylərini dəstəklədiyini bir daha vurğulayıb.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də Rusiyanın qərarını pisləyərək deyib ki, Avropa İttifaqı Ukraynadan kənd təsərrüfatı və ərzaq məhsullarının “həmrəylik dəhlizləri” vasitəsilə dünya bazarlarına ixracını asanlaşdırmaq üçün səylərini davam etdirəcək.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Moskva taxıl sazişinin bərpası məsələsini yalnız sazişin RF-yə aid hissəsinin reallaşmasında konkret nəticələr əldə ediləcəyi təqdirdə nəzərdən keçirə bilər.

Beləliklə, təxminən bir il davam edən saziş iyulun 18-də fəaliyyətini dayandırmalı olacaq.