logo

Ərdoğan NATO sammiti öncəsi Qərbə şərtlərini açıqladı

15:55 10-07-2023 | icon 1421
Ərdoğan NATO sammiti öncəsi Qərbə şərtlərini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Vilnüsə yola düşməzdən əvvəl Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında öz ölkəsinin Qərblə münasibətlərinə dair bir sıra mühüm bəyanatlar verib.

 YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Avropa İttifaqına müraciətlə “əvvəlcə bizim Aİ-yə önümüzü açın, biz də İsveçin önünü açaq, 50 ildir qapıda gözləyən Türkiyə var” deyən Rəcəb Tayyib Ərdoğan, Ankaranın NATO-nun “açıq qapı” siyasətini hər zaman dəstəklədiyini bildirib. O əlavə edib ki, sammitdə Türkiyəyə sanksiya və məhdudiyyətlər tətbiq edən müttəfiqlərə bu yanlış yoldan dönmələri üçün təkrarən müraciət edəcək. Türkiyə Prezidenti vurğulayıb ki, İsveçin NATO-ya üzv olması ilə bağlı son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək.

Türkiyənin dövlət başçısı qeyd edib ki, sammitdə Ukraynada müharibənin ən qısa müddətdə və ədalətli şəkildə başa çatması yolları müzakirə ediləcək. Onun sözlərinə görə, sülh Kiyevin NATO-ya üzvlüyünü daha da asanlaşdıracaq.

Taxıl sazişindən də bəhs edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, gələn ay Rusiya Prezidenti Putinin Ankaraya səfərinin baş tutacağı təqdirdə bu məsələ ətrafında geniş müzakirə aparılacaq.

ABŞ-dan F-16 qırıcı təyyarələrinin tədarükü məsələsinə toxunan Türkiyə Prezidenti deyib: “Bayden deyib ki, əlimdən gələn hər şeyi edirəm. O, bizdən də eyni şeyi tələb edir. Lakin NATO müttəfiqi kimi bizim sizə etdiyimiz ödəmələr var və hələ ki, onların heç birinin qarşılığını ala bilmədik. Vilnüsdə bizim dar çərçivədə bir görüşümüz olacaq və onunla bu məsələni müzakirə edəcəyik. Bunun İsveçlə əlaqələndirilməsi bizi narahat edir. Ümidvaram ki, bu məsələnin sonu xeyirlə nəticələnəcək”.