logo

Muharrem İncə Türkiyədə prezidentliyə namizədlikdən çəkildi

14:44 11-05-2023 | icon 1820
Muharrem İncə Türkiyədə prezidentliyə namizədlikdən çəkildi

Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış prezidentliyə namizədliyini geri götürüb.

YeniAvropa  "NTV" telekanalına istinadla xəbər verir ki, Muharrem İncə prezidentliyə namizədliyini geri götürdüyünü mətbuat konfransında açıqlayıb.

“Mən bunu ölkəm üçün edirəm. “Saraydan pul aldı, geri çəkilə bilməz” deyənlərə səslənirəm: Mən bu qurama süjetlərdən, saxta montajlardan qorxmuram'', - deyə o vurğulayıb.

Bu qərarını müxtəlif təxribatlar, ittiham və dezinformasiyalarla ona qeyri-adekvat təzyiq göstərilməsi ilə izah edən İncə deyib: "Mən 40 ildən çoxdur ki, siyasətdəyəm, amma bu illər ərzində son 45 gündə baş verənləri görməmişdim. Hansısa saxta çeklər, qurama videolar. Şəklim İsrailin hansısa pornosaytında yerləşdirilib. Nə polis, nə də prokuror araşdırma aparmır. Bu böhtandır”.

Beləliklə, Türkiyədə prezidentlik yarışında üç siyasətçi qalıb: Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.