logo

Goranboyda 1 gündə 3 aylıq norma qədər yağış yağıb

13:13 01-05-2023 | icon 987
Goranboyda 1 gündə 3 aylıq norma qədər yağış yağıb

Aprelin 30-u gündüzdən başlayaraq mayın 1-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli güclü olub.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, eyni zamanda, bəzi ərazilərdə şimal-qərb küləyi arabir güclənib. Ən çox yağıntı respublikanın qərb bölgəsində - Naftalanda, Goranboyda, Tərtərdə müşahidə edilib. Gəncə şəhərində və Zaqatala rayonunun bəzi ərazilərində dolu prosesi müşahidə edilib.

Ən çox yağıntı Goranboy rayonunun Yuxarı Ağcakənd məntəqəsində müşahidə edilib. Həmin ərazidə düşən yağıntının miqdarı üçaylıq normaya bərabər olub. Respublikanın digər bölgələrində - Qaxda 28, Şəkidə, Mingəçevirdə 17-19 millimetr, respublikanın digər bölgələrində isə 1-10 millimetr miqdarında yağıntı qeydə alınıb. Leysan xarakterli yağışlar nəticəsində Goranboy rayonu ərazisindən axan Gorançayda, Daşkəsən rayonu ərazisindən axan Gəncəçayda və Samux rayonu ərazisindən axan Qabırrıda sel hadisəsi müşahidə edilib.

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı gözlənilir. Gözlənilən yağışlarla əlaqədar Böyük Qafqazın ərazisindən axan bəzi çaylarda, xüsusilə də Talaçay, Kürmükçay, Əyriçay, Qəbələ-İsmayıllı rayonunun ərazisindən axan Dəmiraparançay, Girdimançayda, Şamaxı rayonu ərazisindən axan Pirsaatçayda, Quba-Xaçmaz bölgəsinin və Kiçik Qafqazın ərazisindən axan çaylardan qısamüddətli sel keçəcəyi ehtimal olunur", - deyə A.Verdiyev bildirib.