logo

Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib

19:49 17-03-2023 | icon 1617
Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib

Martın 17-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

Parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini təmin etməyə imkan yaradıb. Bildirilib ki, dövlətimizin başçısı tərəfindən ölkəmizin inkişafı sahəsində strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlülüyü və səmərəliliyi yüksəldib.

Ötən il ümumi daxili məhsulun 4,6 faiz artdığını qeyd edən Sahibə Qafarova vurğulayıb ki, iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunub, ixrac iki dəfədən çox artıb, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara yüksəlib.

Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycanın malik olduğu resurslar böyükmiqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

S.Qafarova Azərbaycanın nail olduğu inkişaf səviyyəsinin prezident İlham Əliyev tərəfindən daha gözəl ifadə olunduğunu bildirib: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”.

Qeyd edilib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat parlamentə təqdim olunub.

Sonra Azərbaycanın baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatla çıxış edib.

Baş nazir bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam etdirilib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Hesabat ilində hökumət tərəfindən iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülüb.

O qeyd edib ki, Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib, 820 sərəncam imzalanıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin qüdrətli dövlətə çevrilməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi “Dayanıqlı İnkişaf üzrə Hesabat”ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.

Məlumat verilib ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1 faiz, qeyri-neft sənayesində 7,1 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1 faiz artaraq 13,3 min manat təşkil edib. Ötən il xarici ticarət dövriyyəsi təxminən 56,2 milyard ABŞ dollarına çatıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 57,7 faiz artıb. Strateji valyuta ehtiyatları 5,3 milyard ABŞ dolları artaraq 58,5 milyard ABŞ dolları təşkil edib və xarici birbaşa dövlət borcunu 8 dəfədən çox üstələyir. Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır, artım isə 2 ayda 4 milyard ABŞ dolları təşkil edib. 2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5 faiz azalaraq 6,7 milyard ABŞ dolları olub və ÜDM-in 8,5 faizini təşkil edir. Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 milyard manatdan çox olub və bu da 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan verib. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub.

Bildirilib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb. Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamına əsasən, müvafiq Tədbirlər Planı təsdiq edilib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya proseslərinə azaldıcı təsir göstərib.

Əli Əsədov deyib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Ölkə Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq, 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat vəsait nəzərdə tutulub. Prezidentin müvafiq sərəncamları ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli ilə bağlı lazımi addımlar atılıb, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunur. Əsas su anbarlarında suyun həcmi 2023-cü il yanvarın 1-nə 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.

Baş nazir diqqətə çatdırıb ki, hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2022-ci ildə minimum əməkhaqları 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum pensiya məbləği 20 faiz, sosial müavinətlər və Prezident təqaüdləri 26 faiz artırılıb. Aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib. Ümumilikdə ötən il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Hesabatda bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilib. Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb.

Əli Əsədov son dövrlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və nəqliyyat dəhlizlərinin inkişafında rolunun daha da artdığını, ölkəmizin regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrildiyini söyləyib. Baş nazir Cənub Qaz Dəhlizi vasitəsilə hesabat ili ərzində ümumilikdə 21 milyard, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edildiyini deyib. O qeyd edib ki, ötən il Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi istiqamətində mühüm işlər görülür.

Diqqətə çatdırılıb ki, dünyada və regionda cərəyan edən geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat və logistika habı kimi tanınır. Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Ölkədə yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb. Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

Baş nazir prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edildiyini, Proqramda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamının imzalandığını söyləyib. O, Vətən müharibəsindən ötən müddət ərzində azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Baş nazir qeyd edib ki, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə müasir səviyyədə inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Habelə hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçib. Bildirilib ki, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib.

Ötən il Azərbaycanın incisi olan qədim Şuşa şəhərinin 270 illiyinin qeyd edildiyini deyən Baş nazir dövlətimizin başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə bir çox mədəniyyət və digər tədbirlərin keçirildiyini, eyni zamanda, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini söyləyib.

Çıxışının sonunda Əli Əsədov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Vətənimizin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının vacibliyindən danışıb.

X X X

Sonra Milli Məclisin profil komitələrinin sədrləri çıxış ediblər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin nəticəsi olaraq son illər həyata keçirilən iqtisadi islahatlar, genişmiqyaslı layihələr 2022-ci ildə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Eyni zamanda, bu münbit şərait dövlətimizin başçısı tərəfindən hökumət qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi üçün lazımi imkanlar yaradıb.

Tahir Mirkişili hesabat ilində ölkəmizdə qeydə alınmış artımları, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılmasını yüksək nəticələr kimi qeyd edib.

O, dövlət büdcəsinin ümumi icra vəziyyətini müsbət qiymətləndirib, 2022-ci ildə dövlət büdcəsi xərclərinin 99,3 faiz səviyyəsində icra olunmasını qənaətbəxş hesab edib.

Komitə sədri Nazirlər Kabinetinin 2022-ci il üçün fəaliyyəti haqqında hesabatını müsbət qiymətləndirib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hesabat barədə fikirlərini, bir sıra qeyd və təkliflərini açıqlayıblar.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hesabatın yüksək səviyyədə və əhatəli şəkildə hazırlandığını deyib. O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilib, ölkə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının etibarlılığı və dayanıqlılığı gücləndirilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hesabatın mükəmməl hazırlandığını və ölkəmizin iqtisadi-siyasi, sosial-mədəni, təsərrüfat həyatının bütün sahələrini özündə əks etdirdiyini söyləyib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hökumətin 2022-ci ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini bildirib. Qeyd edib ki, hesabat ilində ölkəmizdə makroiqtisadi sabitliyə nail olunub, inflyasiyanın mənfi təsirlərinin aradan qaldırılması və əhalinin rifah halının yaxşılaşdırılması üçün təsirli tədbirlər görülüb.

Hesabatla bağlı müzakirələrdə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Soltan Məmmədov, Ceyhun Məmmədov, Əli Məsimli və Jalə Əliyeva çıxış ediblər.

Fasilədən sonra Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.

Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Siyavuş Novruzov, Səməd Seyidov, Hicran Hüseynova, Zahid Oruc, deputatlar Naqif Həmzəyev, Vahid Əhmədov, Azər Badamov, Elman Nəsirov, Kamilə Əliyeva, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Tahir Kərimli, Vüqar Bayramov, Vüqar İskəndərov, Bəhruz Məhərrəmov, Aqiyə Naxçıvanlı, Aqil Abbas, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı çıxış edərək sənəd barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Deputatlar dünyada baş verən mürəkkəb siyasi-iqtisadi hadisələr fonunda hökumətin ötən il məhsuldar çalışdığını, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər. Ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş proqramların həyata keçirilməsini təqdirəlayiq hesab ediblər. Deputatlar iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, regionların tarazlı inkişafı istiqamətində görülən işlərin vacibliyindən danışıb, fikirlərini səsləndirib, təkliflərini veriblər.

Çıxışlarda ölkəmizdə iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılmasının prezident İlham Əliyevin apardığı uğurlu siyasətin əsas prioritetlərindən olduğu bildirilib.

Deputatlar, həmçinin seçicilərin üzləşdiyi bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıb, bir sıra aktual məsələlərə toxunublar.

Ümumilikdə hökumətin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Baş nazir Əli Əsədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirdikdən və qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alınıb.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.