logo

İlham Əliyev Albaniya prezidenti Bayram Beqay ilə görüşüb

13:43 12-03-2023 | icon 3164
İlham Əliyev Albaniya prezidenti Bayram Beqay ilə görüşüb

Prezident İlham Əliyev martın 12-də Albaniya Respublikasının prezidenti Bayram Beqay ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Görüşdə Albaniya prezidentini salamlayan Azərbaycan prezidenti İlham Əliyev deyib:

- Salam, bizim ölkəyə səfər etdiyiniz üçün təşəkkür edirəm. Sizi yenidən görməyə çox şadam. Keçən il Tiranadakı görüşümüzü xatırlayıram və qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm. Ölkənizə rəsmi səfərimdən və Sizinlə, Baş nazirlə müzakirələrdən çox məmnun qaldım.

Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var. X Qlobal Bakı Forumu çərçivəsində keçirilən vacib tədbirdə - atam, Prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

Əminəm ki, Bakıda qaldığınız müddətdə yaxşı vaxt keçirəcəksiniz. Faydalı, ikitərəfli əməkdaşlığımızın vacib məqamlarına toxunmaq üçün bu, çox yaxşı fürsətdir.

Öz növbəsində Albaniya prezidenti Bayram Beqay deyib: Təşəkkür edirəm, cənab Prezident. Əlamətdar tədbir olan Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmək, Sizi ziyarət etmək məndə və mənim heyətimdə böyük məmnunluq hissi doğurur. Bu, səfər etmək və Sizi görmək üçün əlavə bir fürsətdir. Əlbəttə ki, atanızın irsi əbədi olaraq yazılıb və hesab edirəm ki, Bakı və bütün ölkə üçün həyata keçirdiyiniz işləri hər yerdə görmək olar. Dünən mən şəhərə çıxdım, bir az gəzdim və şəhərin heyrətamizliyinin şahidi oldum.

Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın Albaniyada səfirliyinin yaradılması, həmçinin Albaniyanın Azərbaycanda səfirliyini təsis etməsi ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirildi. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirilib.