logo

Səudiyyə Ərəbistanı kosmosa ilk qadın və kişi astronavtlar göndərəcək

19:20 13-02-2023 | icon 1512
Səudiyyə Ərəbistanı kosmosa ilk qadın və kişi astronavtlar göndərəcək

Səudiyyə Ərəbistanı 2023-cü ilin ikinci rübündə ilk qadın astronavt Rayyanah Barnavi və kişi astronavt Əli Əl-Qarnini Beynəlxalq Kosmik Stansiyaya göndərəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Saudi Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, krallığın Kosmik Komissiyası bu missiyanın bəşəriyyətə xidmət etməyə və kosmik sənayenin təklif etdiyi perspektivli imkanlardan bəhrələnməyə, habelə sağlamlıq, davamlılıq və kosmik texnologiya kimi bir çox aspektlərdə elmi tədqiqatlara töhfə verməyə yönəlmiş mühüm addım olacağını bildirib.

Astronavtlar Barnavi və Al-Qarni “AX-2” kosmik missiyasının ekipajına qoşulacaqlar. Kosmik uçuşa ABŞ-da start veriləcəyi nəzərdə tutulur. Bundan əlavə, Səudiyyə Ərəbistanının İnsanın Kosmosa Uçuşu Proqramına daha iki astronavt - Məryəm Fardous və Ali Al-Qamdi də daxildirlər. Onlar da uçuşa hazırlıq üzrə təlimlərdə iştirak edirlər.

Səudiyyə Kosmik Komissiyasının sədri Abdullah Əl-Svaha bazar günü açıqlayıb ki, krallığın rəhbərliyi kosmos proqramına məhdudiyyətsiz dəstək vermək niyyətindədir. Onun sözlərinə görə, bu proqramın əsas məqsədləri kosmik elmlər səviyyəsində elmi innovasiyaları aktivləşdirmək, sənayenin və ölkənin gələcəyinə müsbət təsir edəcək tədqiqatları müstəqil şəkildə həyata keçirmək qabiliyyətini gücləndirmək, məzunların elm sahələrinə marağını artırmaq, elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) imkanlarını və istedadları cəlb etməklə insan kapitalını inkişaf etdirməkdir.

Komissiyanın açıqlamasında qeyd olunub ki, insanların kosmosa uçuşu ölkələrin texnologiya, mühəndislik, tədqiqat və innovasiya kimi bir çox sahədə üstünlüyünün və qlobal rəqabət qabiliyyətinin simvoludur. Bu missiya həm də tarixidir, çünki krallıq iki astronavtı eyni vaxtda Beynəlxalq Kosmik Stansiyaya göndərən dünyanın azsaylı ölkələrindən birinə çevriləcək.

Səudiyyə Kosmik Komissiyası, həmçinin bildirib ki, bu proqramı icra edən missiya beynəlxalq tərəfdaşlarla yanaşı, Müdafiə Nazirliyi, İdman Nazirliyi, Mülki Aviasiya Baş İdarəsi, Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma Mərkəzinin rəhbərlik etdiyi bir qrupla əməkdaşlıq edir. Onlardan ən vacibi ABŞ-da insanların kosmosa uçuşları və kosmik infrastrukturun inkişafı üzrə ixtisaslaşan “Axiom Space” təşkilatıdır.

Onu da qeyd edək ki, Səudiyyə Kosmik Komissiyası bundan əvvəl Səudiyyə Ərəbistanının İnsanın Kosmosa Uçuşu Proqramını elan etmişdi. Bu uçuş elmi eksperimentlər aparmaq, beynəlxalq tədqiqatlarda iştirak etmək və krallığın 2030-cu ilədək olan vizyonuna töhfə verəcək kosmik missiyalarda iştirak etmək üçün təcrübəli astronavtlar yetişdirmək, onlara yüksək ixtisas vermək məqsədi daşıyan tədbirlər kompleksinin mühüm mərhələsidir.