logo

Türkiyə ABŞ-ın iki nazirinə qarşı sanksiya tətbiq edəcək

21:38 04-08-2018 | icon 2527
Türkiyə ABŞ-ın iki nazirinə qarşı sanksiya tətbiq edəcək

“ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarının dondurulması barədə bu gündən tapşırıq verirəm”. YeniAvropa “CNNTurk”ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) Qadın qollarının (təşkilatının) növbəti - V qurultayında bildirib.

“ABŞ-ın sanksiya qərarı strateji ortaqlığa yaraşmır. Belə bir sanksiyanı qəbul etmək də mümkün deyil. Dünən axşamadək səbr etdik. Əgər ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədə əmlakı varsa, onların dondurulması barədə bu gündən tapşırıq verirəm.

Bu məsələdə ABŞ prezidenti Donald Trampı oyuna salıblar. Oyunu quranları da tanıyrıq. Bu oyunu cənab Trampın pozması lazımdır”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Ağ ev Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə sanksiya tətbiq edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.