logo

3 gün sonra Mars Yerə rekord dərəcədə yaxınlaşacaq

17:35 26-07-2018 | icon 2422
3 gün sonra Mars Yerə rekord dərəcədə yaxınlaşacaq

İyulun sonuncu günündə Mars Yerə rekord dərəcədə yaxınlaşacaq. Həmin gün bu iki planet arasındakı məsafə “cəmi” 57,5 milyon kilometrə bərabər olacaq. Nəticədə Günəş sisteminin dördüncü planeti səmada ən parlaq “ulduz” kimi görünəcək.

YeniAvropa "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Sky & Telescope” jurnalında dərc edilib.

Mars ilə Yerin “görüşü” bununla bitməyəcək – yayın sonuna qədər bu iki planet nisbətən yaxın məsafədə olacaq, sentyabrda isə onların arasındakı məsafə sürətlə artmağa başlayacaq.

Müşahidələr tarixində Mars ilə Yerin bundan daha artıq yaxınlaşması da qeydə alınıb. Məsələn, 2003-cü ilin avqust ayında bu iki planet arasındakı məsafə 55,7 milyon kilometr olub. Ehtimal ki, bu rəqəm sivilizasiyanın mövcud olduğu dövrdə mütləq rekord göstəricidir.

Planetlərin qarşıdakı “görüşü” zamanı onların arasındakı məsafə əvvəlki rekorddan cəmi 1,8 milyon kilometr çox olacaq. Bu fərq Ay ilə Yer arasındakı məsafənin təxminən 5 mislinə bərabərdir. Məsələ burasındadır ki, bilavasitə həmin görüşdən əvvəl – cümə günü, iyulun 27-də Mars ilə Yerin “qarşıdurması” baş verəcək: onlar bir neçə saat ərzində Günəşə nəzərən eyni düz xətt üzərində birgə hərəkət edəcəklər.

Bütün gecə ərzində ulduzlu səmada Marsı müşahidə etmək mümkün olacaq. “Qırmızı planet” özü Günəşə maksimum yaxınlaşacaq. Eyni vaxtda daha bir maraqlı kosmik hadisə - Ayın bədirlənməsi və bununla əlaqədar, anomal uzunluqlu Ay tutulması gözlənilir.

Həmin gündən başlayaraq, Marsın görünən ölçüləri və parlaqlığı kəskin şəkildə artacaq, Marsın Yerə yaxınlaşdığı gün isə o, ulduzlu səmada ən parlaq “nöqtəvi” obyektə çevriləcək.