Əfqanıstana qayıtmış birinci vitse-prezident Dostumu Kabildə teraktla qarşılayıblar
Əfqanıstana qayıtmış birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib. Bu barədə “Agence France-Presse” məlumat yayıb. Partlayış siyasətçinin tərəfdarlarının toplaşdığı yerdə olub.
Bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Danişin sözlərinə görə, hadisənin intiharçı-terrorçu tərəfindən törədildiyi güman edilir,
Əfqanıstanın “TOLOnews” telekanalı yerli məmurlara istinad edərək partlayış nəticəsində həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğunu bildirib.
Qeyd edək ki, Əbdül Rəşid Dostum Hamid Karzai adına beynəlxalq aeroportuna çarter reysi ilə gəlib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşmışdılar. Siyasətçi Türkiyədə 14 ay qalıb.