logo

Sabah daha 12 ailə Zəngilanın Ağalı kəndinə yola düşəcək

16:36 06-09-2022 | icon 1344
Sabah daha 12 ailə Zəngilanın Ağalı kəndinə yola düşəcək

Sentyabrın 7-də Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılacaq. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüləcək. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşəcək.

YeniAvropa xəbər verir ki, digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub.

Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).