logo

Daha üç güləşçimiz qitə birinciliyinin 1/2 final mərhələsinə yüksəlib

16:56 13-06-2022 | icon 2282
Daha üç güləşçimiz qitə birinciliyinin 1/2 final mərhələsinə yüksəlib

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

YeniAvropa xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

Millimizin üzvü Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. E.İbadov dörddəbir finalda türk Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Təmsilçimiz yarımfinalda macar Levente Fiqeylə qarşılaşacaq.

Fəraim Mustafayev (55 kq) səkkizdəbir finalda Norveç təmsilçisi Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Güləşçimiz gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. F.Mustafayev final yolunda ukraynalı Maksim Çubenkoyla üz-üzə gələcək.

Güləşçimiz Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. S.Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimiz macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparacaq.

Milli komandamızın üzvü İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvat Dominik Qrqiçə 8:1 hesabı ilə qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) İ.Rzayev yarımfinala adlayıb. Güləşçimiz finalın bir addımlığında Nikolaos Qavril İqnateskuyla (Rumıniya) qüvvəsini sınayacaq.

Məzahim Mərdanov (110 kq) isə startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. M.Mərdanov dörddəbir finalda isə erməni Rafayel Tovmasyana “tuşe” ilə qalib gəlib. Pəhləvanımız yarımfinalda türk Cemal Yusuf Bakırla üz-üzə gələcək.