Türkiyədə 18.632 dövlət qulluqçusu işdən azad edilib.
YeniAvropa Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı qərar 2016-ci ilin iyul ayında tətbiq olunmuş fövqəladə vəziyyət əsasında qəbul edilib.
Rəsmi məlumata əsasən, Türkiyə Silahlıı Qüvvələrindən 6.152 nəfər, polis orqanlarından 8.998 nəfər, Jandarma Qüvvələrindən 649 nəfər, Ədliyyə Nazirliyindən 1.051 nəfər, Təhsil nazirliyindən 658 nəfər, dini işlər üzrə idarədən 240 nəfər, Xarici İşlər Nazirliyindən 38 nəfər, dövlət universitetlərindən isə 199 nəfər işdən çıxarılıb.
Bundan başqa, Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və bir telekanal fəaliyyətini dayandırıb.
Bütün bunlar fövqəladə vəziyyətlə bağlı qəbul edilmiş qaydalara əsasən həyata keçirilib. Yeri gəlmişkən, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət iyulun 18-i ləğv edilə bilər.
Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə qiyamçılar qrupu hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda olub. İnsident nəticəsində 250-dən çox Türkiyə vətəndaşı həlak olub, iki min nəfərdən çox insan yaralanıb.