logo

Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verir

09:12 23-04-2022 | icon 5691
Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verir

Aprelin 23-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt (II hissə) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

DİM-dən YeniAvropa-ya bildirilib ki, bugünkü imtahanda 21 min 337 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1611 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 2005 nəzarətçi-müəllim, 198 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 96 bina nümayəndəsi cəlb edilir.