logo

Avropa İttifaqı Şurasına sədrlik Bolqarıstandan Avstriyaya keçir

18:27 30-06-2018 | icon 2639
Avropa İttifaqı Şurasına sədrlik Bolqarıstandan Avstriyaya keçir

İyulun 1-də Avropa İttifaqı Şurasına sədrlik Bolqarıstandan Avstriyaya keçir. Bu münasibətlə Avstriyanın Ştiriya əyalətində rəsmi mərasim təşkil olunub. YeniAvropa xəbər verir  ki,  əyalətdə yerləşən Planay dağında keçirilən tədbirdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Bolqarıstanın baş naziri Boyko Borisov və Avstriyanın Kansleri Sebastian Kurts, eləcə də rəsmi qonaqlar iştirak ediblər.

Birgə mətbuat konfransında Avstriya Kansleri Sebastian Kurts bildirib ki, Avropa İttifaqı daxilində müəyyən gərginlikləri aradan qaldırmaq üçün Avstriya “körpü qurucusu” rolunda çıxış etməyə çalışacaq. O, Avropanın təhlükəsizliyi və mühafizəsinin daha yaxşı təmin olunmasında Aİ-nin üzv ölkələri və təsisatları arasında sıx əməkdaşlığa çağırıb.

Rusiya ilə Aİ arasında gərginlik, ABŞ ilə iqtisadi və gömrük məhdudiyyətləri ilə bağlı ziddiyyətlər, “Brexit”, qaçqın və miqrasiya siyasətində yeni istiqamətlənmə sədrlik dövründə Avstriyanın qarşısında duran əsas məsələlər olacaq.

Avstriyanın qarşıda duran yarımillik sədrlik dövründə üç yüzdən artıq müxtəlif formatlı tədbirin keçiriləcəyi gözlənilir. İyulun 3-də Kansler S.Kurts Strasburqda Avropa Parlamentində sədrlik dövrü üçün fəaliyyət planını açıqlayacaq, iyulun 5-6-da Avropa Komissiyasının Vyanada iclasları keçiriləcək.

Qeyd edək ki, Avropa İttifaqına üzv olduğu 1995-ci ildən sonra Avstriya üçüncü dəfə Aİ Şurasına sədrlik edəcək. Daha əvvəl isə Avstriya 1998-ci və 2006-cı illərdə Şuranın sədri olub.