logo

24 pambıqçının zəhərlənməsi ilə bağlı araşdırma aparılır

13:02 11-06-2018 | icon 3402
24 pambıqçının zəhərlənməsi ilə bağlı araşdırma aparılır

İyunun 10-da Saatlı rayonunun Sımada kəndində pambıq sahəsində çalışanlardan 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb. YeniAvropa xəbər verir  ki, bu barədə  Saatlı rayon icra hakimiyyətinin başçısının müavini Reyhan Ocaqova məlumat verib. Onun sözlərinə görə, RİH-in mütəxəssisləri hadisə yerində olublar. “Faktla bağlı Saatlı polis şöbəsi tərəfindən araşdırma aparılır. Zəhərlənmənin nədən baş verdiyini ekspertlər müəyyənləşdirəcəklər”, -deyə  R.Ocaqova bildirib.

Zəhərlənənlər arasında nisbətən vəziyyəti ağır olan və Bakıdakı Respublika Toksikologiya Mərkəzinə köçürülən 4 nəfər 30-35 yaşlı qadınlardır. Zəhərlənmənin səbəbini öyrənmək üçün onlardan qan nümunələri götürülüb. Mərkəzin rəhbəri Azər Maqsudov "virtuala.org"a bildirib ki, zəhərlənən pambıqçıların vəziyyəti yaxşıdır, həyatları üçün təhlükə yoxdur. Onlar yaxın günlərdə evə buraxılacaqlar. “Qadınların sözlərinə görə, bir neçə gün əvvəl sahə alaq otuna qarşı dərmanlanıb. Belə güman edirəm ki, təhlükəsizlik qaydalarına riayət olunmayıb. Dərmanın iyi təsir edib, nəticədə, zəhərlənmə əlamətləri yaranıb”, - deyə A. Maqsudov bildirib.

Həkim əlavə edib ki, alaq otuna qarşı istifadə edilən dərmanlar ağır zəhərlənməyə səbəb ola bilər.