logo

General Rövşən Əkbərovu 10 il müddətinə azadlıqdan məhrum edildi

17:15 27-10-2021 | icon 2009
General Rövşən Əkbərovu 10 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Hərbi Məhkəməsində 2001-ci ildə Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, prosesdə generalın vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edərək, R. Əkbərovun təqsirsiz olduğunu deyib, ona bəraət verilməsini istəyib.  Vəkil məhkəmədən, həmçinin, zərərçəkmiş tərəfin verdiyi mülki iddianın rədd edilməsini istəyib.

Daha sonra general R.Əkbərov son sözlə çıxış edib. O, ittiham olunduğu  qətl hadisəsi ilə əlaqəsi olmadığını deyib: "Mən  2001-ci il iyunun 1-də o kafedə olmamışam. Həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Hadisə barədə ertəsi gün səfirlikdən xəbər veriblər. Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevi cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmə hökmü elan edib. R.Əkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin edilib. R.Əkbərovdan 40 min manat tutularaq mərhum E.Əliyevin ailəsinə ödəniləcək. 

Hökmə görə, R.Əkbərovun Milli Qəhrəman fəxri adı, general-leytenant hərbi rütbəsi və digər təltifləri toxunulmaz saxlanılıb.

Məhkəmə R.Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib.