logo

II imtahanda 100-dən çox bal yığan  abituriyentlər  II qrup üzrə müsabiqəyə buraxılacaqlar

10:55 16-08-2021 | icon 6580
II imtahanda 100-dən çox bal yığan  abituriyentlər  II qrup üzrə müsabiqəyə buraxılacaqlar

Abituriyentlərin qəbul imtahanının mərhələləri üzrə topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, II ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) beynəlxalq münasibətlər ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Marketinq, biznesin idarə edilməsi, regionşünaslıq (regionlar üzrə), turizm bələdçiliyi, turizm işinin təşkili ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.