logo

IV qrupun bəzi ixtisaslarında 50 bal toplayan abituriyentlər də müsabiqədə iştirak edə biləcəklər

14:09 11-08-2021 | icon 6986
IV qrupun bəzi ixtisaslarında 50 bal toplayan abituriyentlər də müsabiqədə iştirak edə biləcəklər

Abituriyentlərin qəbul imtahanının mərhələləri üzrə topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Ekologiya ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

- Bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.