logo

SOCAR UEFA ilə tərəfdaşlığı dayandırır 

19:59 14-05-2021 | icon 3325
SOCAR UEFA ilə tərəfdaşlığı dayandırır 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ildən etibarən SOCAR dünya iqtisadiyyatının sürətli transformasiyası, dördüncü sənaye inqilabı və enerji keçidi ilə əlaqədar olaraq, öz biznes strategiyasına yenidən baxılması və yeni strategiyanın hazırlanması ilə bağlı qərar verib.

SOCAR-ın yeni davamlı inkişaf strategiyası "McKinsey" şirkətinin dəstəyi ilə hazırlanıb və 2035-ci ilədək dövrü əhatə edir.

Strategiya təsdiq olunmaq üçün artıq SOCAR-ın Müşahidə Şurasına təqdim olunub:"Son dövrdə SOCAR yeni strategiyanın müəyyən etdiyi inkişaf istiqamətlərindən kənarda qalan bütün xərclərini ixtisar etməyə başlayıb. Keçmişdə həyata keçirdiyimiz bəzi başqa layihələr kimi UEFA ilə tərəfdaşlığın uzadılması məsələsi də şirkətin yeni biznes strategiyası çərçivəsində məqsədəuyğun görülmədi. Beləliklə, SOCAR, xərclərə qənaət edərək, UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib və sözügedən tərəfdaşlığın başa çatdırılması ilə bağlı UEFA-ya müraciət edib. Artıq bununla bağlı razılıq əldə olunub”.

Rəis müavini qeyd edib ki, SOCAR Avropanın futbol ailəsi ilə keçmiş əməkdaşlığından məmnun olduğunu bildirir və Avropanın bütün futbol federasiyalarına, UEFA-ya aid olan bütün futbol komandalarına və CAA11 heyətinə səmərəli əməkdaşlıq üçün təşəkkür edir: "SOCAR eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru qalmağa davam edir və bu minvalla Avropanın futbol ailəsi ilə əməkdaşlığını davam etdirəcək”.