logo

Hərbi Qənimətlər Parkı bu gündən vətəndaşların ziyarəti üçün açıqdır

16:58 14-04-2021 | icon 1582
Hərbi Qənimətlər Parkı bu gündən vətəndaşların ziyarəti üçün açıqdır

Aprelin 14-dən Xətai rayonu ərazisində yerləşən Hərbi Qənimətlər Parkı vətəndaşlar üçün açılıb. İnsanların parkı ziyarət etməsi pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənir.

YeniAvropa xəbər verir ki, parka giriş şəhid ailələri və qazi ailələri üçün ödənişsizdir. Adi vətəndaşlar üçün giriş bileti isə iki manatdır.

Xatırladaq ki, aprelin 12-də Bakıda prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Hərbi Qənimətlər Parkının açılışı olub.

Bu parkda 44 günlük Vətən müharibəsi zamanı əldə olunan uğurlar beş hektarlıq ərazidə nümayişə çıxarılıb. Parkda nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika var. Onlar saz vəziyyətdədir. Burada düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar da nümayiş olunur. Ümumilikdə burada 300-dən çox hərbi eksponat və texnika mövcuddur.

Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox hərbi yük avtomobilinin nömrə nişanından hazırlanan lövhədir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülüb.

Qırx dörd günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətlərə uğrayan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqdakı ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.

Parkda Azərbaycan prezidentinin Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr videozalda nümayiş etdirilir.

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir.

Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, dirəklər üzərində tikanlı məftillilər, piyada əleyhinə mina sahəsi, üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr yer alır. Ermənilərin otuz il ərzində möhkəmləndirilən mövqelərinin daxilində döyüş postu, əsgər kazarması təsvir olunub. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, atəş nöqtələri yerləşir, həmçinin Ordumuza qarşı istifadə olunan rels üzərində hərəkət edən iriçaplı minaatanlar qoyulub.

Azərbaycan Ordusunun qənimət kimi götürdüyü hərbi texnikaların nə vaxt vurulduğu, harada ələ keçirildiyi haqqında məlumatlar onların qarşısındakı lövhələrdə əks olunub. Nümayiş olunan bu hərbi texnikalar yararsız və ya saz vəziyyətindədir.