logo

Avropa çempionatında 9 cüdoçumuz mübarizə aparacaq 

09:09 14-04-2021 | icon 1771
Avropa çempionatında 9 cüdoçumuz mübarizə aparacaq 

Aprelin 16-dan 18-dək Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak edəcək hər bir cüdoçunun medal qazanmaq şansı var.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı səsləndirib.Onun sözlərinə görə, yarış  bu il keçiriləcək “Tokio-2020” Yay Olimpiya Oyunlarına yə lisenziya xarakterli olduğundan mühüm əhəmiyyət daşıyır. Azərbaycan komandası bu turnirdə 8 kişi, 1 qadın cüdoçu ilə təmsil olunacaq.

Elmar Babanlı qeyd edib ki, qitə çempionatında hazırlıqla bağlı Azərbaycan milli komandası həm xaricdə, həm ölkə daxilində keçirilmiş təlim-məşq toplanışlarında iştirak edib. Kişilərdən ibarət millimiz Özbəkistanda “Böyük dəbilqə” turnirindən sonra həmin ölkədə qalaraq təlim-məşq toplanışı keçib. Tbilisi və Antalya “Böyük dəbilqə” turnirlərindən sonra isə millimiz Sumqayıtda daha bir təlim-məşq toplanışına qatılıb.

Qadın idmançılarımız zədə səbəbindən qitə çempionatına geniş heyətlə qatılmayıblar.

Qeyd edək ki, kişilər arasında Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kiloqram), Murad Fətiyev, Hidayət Heydərov (81 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kiloqram) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) gücünü sınayacaq.