logo

Paytaxtda "Jiquli" ilə marketdən “E-manat” ödəmə terminalını oğurladılar

14:59 03-03-2021 | icon 1400
Paytaxtda "Jiquli" ilə marketdən “E-manat” ödəmə terminalını oğurladılar

Binəqədi rayonunda marketlərdən birində quraşdırılan və içərisində 3953 manat məbləğində pul olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, hadisə barədə ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Məmməd Kazımov və Emil Həmzəyev “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib k, həmin şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanını dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda oğurluq hadisəsini törədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisindəki qəbiristanlığın ərazisində yararaq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Onların marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsilə qeydə alınıb.

M.Kazımov və E.Həmzəyev barəsində araşdırma aparılan zaman onların həmin gün Nəsimi rayonundakı mağazalardan birindən 400 manat məbləğində pul oğurladıqları da məlum olub.

Faktla bağlı toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar aparılır.

0-0-4

M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.