logo

Müdafiə Nazirliyi hərbi təhsil müəssisələrinə qəbul qaydalarını açıqladı

12:11 06-02-2021 | icon 2632
Müdafiə Nazirliyi hərbi təhsil müəssisələrinə qəbul qaydalarını açıqladı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, nazirliyin hərbi liseylərinə, hərbi tibb və stomatologiya, eləcə də hərbi feldşer işi ixtisasları üzrə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydalarını açıqlayıb.

YeniAvropa  Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla xəbər verir ki, bütün ixtisaslar üzrə tədris prosesi əyani olmaqla Azərbaycan dilində aparılır. Təhsil müddəti Azərbaycan Ali Hərbi Məktəbində 4, hərbi liseylərdə 2 ildir. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində isə hərbi tibb ixtisası üzrə 5, stomatologiya üzrə 6, hərbi feldşer işi ixtisası üzrə isə 2 ildir.

Azərbaycan Ali Hərbi Məktəbində təhsil müddəti dörd ildir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabrın 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər Ali Hərbi Məktəbə qəbul edilirlər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin edilir və ayda 162 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

Hərbi liseylərə isə cari ildə ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, sentyabrın 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.

Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 manat məbləğində müavinət alırlar.

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə hərbi feldşer işi ixtisası üzrə cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabrın 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.

Hərbi feldşer işi ixtisası üzrə Hərbi tibb fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 manat məbləğində müavinət alırlar.

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə hərbi tibb və stomatologiya ixtisasları üzrə isə cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabrın 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul olunurlar.

Bütün təhsil müəssisələri üzrə müraciətlər aprelin 1-dən 30-dək edilməlidir.

Qəbulla bağlı ətraflı məlumat və tələb olunan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.