logo

İrandan Azərbaycana 8,4 kq narkotika keçirmək istədilər

14:34 01-02-2021 | icon 1659
İrandan Azərbaycana 8,4 kq narkotika keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində alınıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib  ki, yanvarın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagistralının yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində üç nəfərin olduğu yaşıl rəngli “Mercedes” markalı 10-SU-801 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayaraq, qaçmağa çalışarkən saxlanılıb.

1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kiloqram 275 qram metamfetamin və 5 kiloqram 135 qram tiryək) oxşar maddələr aşkarlanaraq götürülüb.

Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avtomobildəki digər şəxslər hadisə yerindən qaçıblar. Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılıblar. Müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.

Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsənxanov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilməsinə, o cümlədən narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildiriblər.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.