logo

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

20:11 26-01-2021 | icon 364
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışı qəti şəkildə pislənilib.

Həmçinin, Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımın Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb.

V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi, bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.