logo

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

12:30 23-01-2021 | icon 1414
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Müraciətdə sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, aldatma, etibardan sui-istifadə yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələr sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əməkhaqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu “xidmət”lərindən istifadə edənlər hələ də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, DİN şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edir.

Nazirlik bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır. Vətəndaşlar bu tipli səhifələrə ödəniş etmədən əvvəl DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər.