logo

Diplomatlar Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

12:55 28-11-2020 | icon 2009
Diplomatlar Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar.

 YeniAvropa xəbər verir ki, diplomatlar düşmənin Tərtərə atdığı raketlərin qalıqlarına baxıblar.

Məlumat verilib ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayonunun mərkəzini, qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından atəşə tutub.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış Azərbaycan şəhərlərindən biridir. Elə günlər olurdu ki, Tərtər şəhərinə gündəlik 2300–2400-dən çox mərmi düşürdü. Tərtər şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə bombardman edilirdi. Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölənlər və yaralananlar olub. Bu məqsədlə Ermənistan silahlı qüvvələri kassetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə edirdi. Oktyabrın 3-4-də ATƏT xətti ilə Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı, əksinə, daha da intensivləşdirdi. Həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir. Beynəlxalq münasibətlərdə şəhərlərə qarşı bu cür əməllər urbisid, yəni, genosidin şəhərlərə qarşı istifadə edilməsi termini ilə izah olunur. Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan tərəfindən Tərtərə qarşı genosid siyasəti həyata keçirilib.