“Bu gün Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.
YeniAvropa xəbər verir ki, bunu "BBC"nin müxbiri Vill Vernon özünün "Tvitter" hesabında məlumat paylaşıb.
Kəlbəcərdən ermənilərin köçü ilə bağlı “Sputnik Armenia” da material yayımlayıb.
"Sputnik Armenia"nın çəkiliş qrupunun məlumatına görə, Kəlbəcəri tərk edən ermənilər sözün həqiqi mənasında evləri, dükanları, elektrik yarımstansiyaları söküb dağıdırlar.
Ermənilər çoxlu sayda mikroavtobus və yük maşınlarında daşına bilən hər şeyi – ev əşyalarını, mebelləri, heyvanları aparırlar.
“Sputnik Armenia”nın da əməkdaşları ermənilərin yaşadıqları evlərə od vurduqlarını qeyd ediblər.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu noyabrın 15-də Azərbaycanın nəzarəti altına qaytarmalıdır.