logo

Ermənilərin Goranboyun yaşayış məntəqəsinə atdığı 2 "Smerç" raketi partlamadı

13:49 24-10-2020 | icon 2275
Ermənilərin Goranboyun yaşayış məntəqəsinə atdığı 2 "Smerç" raketi partlamadı

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.

YeniAvropa xəbər verir ki, düşmənin Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə atdığı iki ədəd "Smerç" raketi yaşayış evinin həyətinə düşüb və partlamayıb.

Xəsarət alan olmasa da, evə və yaxınlıqdakı tikililərə zərər dəyib.

Bu, Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutmasına daha bir sübutdur.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda raketlərin zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.